Azərbaycan hökuməti bu il ölkə iqtisadiyyatının 1,7% böyüyəcəyini proqnozlaşdırır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Bu, əvvəlki proqnozla müqayisədə 1,2 faiz bəndi azdır.
O cümlədən neft-qaz sektorunda azalmanın əvvəlki 2,4%-ə qaşı 3,3%, qeyri neft-qaz sektorunda artımın isə əvvəlki 4,9%-ə qarşı 3,7% olacağı gözlənilir.
Maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, böyük ehtimalla yeni proqnoz da özünü doğrultmayacaq:
“Ötən ilin I rübünün yekununda ölkədə cəmi 0,3% iqtisadi artım qeydə alınmışdı və ilin sonunda bu rəqəm 1,4% təşkil etdi. Bu ilin I rübünün yekununda isə ölkəmizin ümumi daxili məhsulu nəinki artım nümayiş etdirdi, əksinə 0,3% azaldı. Təkcə, mənfi dinamikanı aradan qaldırmaq üçün hökumətə bir neçə ay vaxt lazım olacaq. Odur ki, ilin sonuna qədər iqtisadi artım proqnozuna növbəti dəfə baxılacağını və daha real proqnoz veriləcəyini gözləyə bilərik”.
Maliyyəçi-ekspert Namiq Hüseynov