Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində ötən ilin oktyabr ayından bu günədək 1 687 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsi güzəştlə satılıb, ərizəçilərin bank hesablarına isə 1 milyon manatdan çox birdəfəlik ödəniş köçürülüb.
Yurd.Media xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçın məlumat verib.
Onun sözlərinə görə, bu vaxtda 30 min avtomobil utilizasiyaya təhvil verilib.
Hazırda ölkə üzrə Bakı, Abşeron, Sumqayıt və Gəncə şəhərlərində olmaqla 4 utilizasiya məntəqəsi fəaliyyət göstərir. Xüsusilə elektrik avtomobillərinin utilizasiyası zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunur. Belə ki, ilk növbədə avtomobillərin akkumulyatorları ayrılır, daha sonra nəqliyyat vasitəsinin qalan hissəsinin utilizasiyası həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev isə bildirib ki, 2024-cü ildə 1966, 2025-ci ildə 19840, 2026-cı ilin bu gününədək isə 13330 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilərək dövriyyədən çıxarılıb.
Qeyd edilib ki, ölkədə hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına tam cavab vermir. Bu səbəbdən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və proqramın tətbiqi məqsədilə qanunvericiliyə bir sıra dəyişikliklər edilib.

"Tullantılar haqqında" Qanuna uyğun olaraq utilizatorların reyestri yaradılıb və tələblərə cavab verən 4 utilizator istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb.
Vətəndaşlar əvvəlcə nəqliyyat vasitəsini dövlət qeydiyyatından çıxarmalı, daha sonra www.nvu.gov.az elektron portalında müraciət etməlidirlər. Utilizasiyaya təhvil verilən avtomobilə görə sahibinə təsdiqedici sənəd təqdim olunur. Həmin sənəd əsasında birdəfəlik ödəniş almaq və ya yerli istehsal yeni nəqliyyat vasitəsinin alınması zamanı güzəştdən yararlanmaq mümkündür.
Məlumata görə, proqram çərçivəsində indiyədək 1 687 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsi güzəştlə satılıb, ərizəçilərin bank hesablarına isə 1 milyon manatdan çox birdəfəlik ödəniş köçürülüb.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.
