SÜJET
"Azərbaycanın xarici siyasətində müstəsna yer alan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa nəzər salmaq istəyərdim. Azərbaycan Respublikasının Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiyanı tarixi köklər bağlayır".
Yurd.Media xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov deyib.
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı ticarət əlaqələri gücləndirilir:
"Xəzər dənizi vasitəsilə resursların ötürülməsində region ölkələri töhfə verir. Bu gün Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrimiz qurulub. Azərbaycan Prezidentinin Tacikistana və Qırğızıstana etdiyi səfərlər Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə görüşlər keçirmişdi. Həmin əməkdaşlığın əsas məqsədi əlaqələrimizin genişləndirilməsi və xalqlarımızın rifahına xidmət edəcək əlaqələrin qurulmasıdır".
O bildirib ki, dost və qardaş Türkmənistanla münasibətlərimiz tarixi, mədəni ortaqlığa əsaslanır:
"Bir neçə gün əvvəl iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 33 ilini qeyd etmişik. 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanmışdı. Həmin bəyanat geniş sahələr üzrə əməkdaşlığa yol açmışdı. İqtisadi və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi üçün hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya çərçivəsində qəbul olunmuş qərarların icrası humanitar və iqtisadi əlaqələrin genişləndirilməsinə imkan verəcək. Azərbaycan və Türkmənistan arasında quru sərhədi olmasa da, Xəzər bir körpü rolunu oynayır. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib".