Azərbaycan özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır.
Yurd.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, səksən beş mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardan biridir.
“Dünyanın müxtəlif nöqtələrində, o cümlədən bizim regionda yeni müharibələrin və münaqişələrin alovlandığı, şəhərlərin və insan məskənlərinin gözümüzün qarşısında dağıldığı bir dövrdə Azərbaycan bəşəriyyət üçün fəlakətli olan bu cür şəraitdə həm öyrənməyə, həm də öz reallıqlarını və təcrübəsini dünya ilə bölüşməyə hazırdır", - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin köməkçisi qedy edib ki, Azərbaycanda şəhərlərin yaradılma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır.
Onun sözlərinə görə, buna nümunə olaraq qədim Albaniyanın paytaxtı olan Qəbələni, Naxçıvanı və digər qədim şəhərləri göstərmək olar:
"Paytaxt Bakı da ən gözəl nümunələrdən biridir. İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın şəhərsalmada unikal təcrübəsi var".