“Aypara İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) bağlı yenidən araşdırma aparılacaq.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MMC-də yoxlama aparılıb və Goranboy rayonu Balakürd kəndinin Xan arxının beton örtüklə düzəldilməsi zamanı ağacların ərazidə kökündən çıxarılması üzə çıxıb.
"Aypara İnşaat” barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.3 və 253.5.3-ci maddələri ilə protokol tərtib edilib və baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.
Məlum olub ki, Goranboy rayon Balakürd kənd ərazisində Xan arxı adlanan torpaq məcralı suvarma kanalı “Aypara İnşaat” MMC-nin direktorunun rəhbərlik etdiyi podratçı təşkilat tərəfindən beton üzlüyə alınma işləri aparılıb.
Müqavilədən görünür ki, “İnşaat İstehsalat Fİ” MMC ilə “Aypara-İnşaat” MMC arasında podrat müqavilə bağlanıb.
Müəyyən edilib ki, “İnşaat İstehsalat Fİ” MMC ilə “Aypara-İnşaat” MMC arasında 2025-ci il tarixli podrat müqaviləsi var. Sözügedən müqaviləyə istinadən 2025-ci ilin oktyabr və noyabr ayında görülən işlərin qəbulu aktı ilə işlər sifarişçi şirkət “Aypara-İnşaat” MMC tərəfindən qəbul edilib.
“İnşaat İstehsalat Fİ” MMC-nin nümayəndəsinin izahatından müəyyən edilib ki, “Aypara-İnşaat” MMC-nin direktorunun qardaşıdır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Aypara-İnşaat” MMC-nin inzibati icraat üzrə araşdırmada iştirakı ilə bağlı məktubunu aldıqdan sonra qardaşının məlumat verməsindən sonra özü şəxsən inzibati orqana gedib və Goranboy rayonu Balakürd kəndinin Xan arxının beton örtüklə düzəldilməsinin podrat müqaviləsi əsasında onun rəhbərlik etdiyi şirkət tərəfindən həyata keçirildiyini bildirib.
Hazırkı işin hallarından görünür ki, aparılmış monitorinq nəticəsində aşkar edilmiş ağacların kökünün çıxarılması və zədələnməsinin hansı hüquqi şəxsin işçisi tərəfindən törədilməsi düzgün müəyyən edilməyib.
Goranboy Rayon Məhkəməsinin qərarı ilə inzibati xəta haqqında icraata xitam verilib.
Bu qərardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib və birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.
İşin halları yenidən araşdırılması üçün material baxılması üçün Goranboy Rayon Məhkəməsinə qaytarılıb.
Bu işlə bağlı yenidən araşdırma aparılacaq.