Avtomobil bazarında durğunluq: Çin maşınları sektoru ələ keçirir

Avtomobil bazarında durğunluq: Çin maşınları sektoru ələ keçirir

Son aylarda ölkədə avtomobil bazarında durğunluq müşahidə olunur. Satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini bildirir, hətta bəzi avtomobillərin satışına aylarla vaxt getdiyini deyirlər.

Yurd.Media xəbər verir ki, alıcıdan çox satıcının olduğu avtomobil bazarında alver zəifləyib. Satıcılar bunu əsasən, Çin istehsalı yeni avtomobillərin bazarda payının artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə ikinci əl avtomobillərə maraq azalıb, insanlar ya kreditlə yeni maşınlara yönəlirlər, ya da münasib qiymətə təqdim olunan Çin avtomobillərinə üstünlük verirlər.


“Alver çox zəifdir. Səbəb ölkəyə çoxlu maşınların, xüsusilə Çin avtomobillərinin gətirilməsidir. Bu, bəzi modellərin alıcı qüvvəsini zəiflədib",-satıcı deyib.


Avtomobilini satmağa gələnlər hətta qiymət endiriminin belə problemi həll etmədiyini deyir:


“Dediyim qiymətdən 10 min aşağı istəyirlər",- deyə satıcı vurğulayıb.

Satıcılar qeyd edirlər ki, qiymətlər aşağı düşsə də, bazarda müşahidə olunan durğunluğun qarşısı alınmayıb. Onlara görə, yeni modellərin bazarda artması, xüsusilə də Çin istehsalı avtomobillərin çıxması, digər modellərin də satışını çətinləşdirib.


Ekspertlər də hesab edir ki, buna səbəb Çin avtomobillərinin bazarda sürətlə yayılmasıdır. Onların həm qiymətinin münasib olması, həm də yeni və zəmanətli təqdim olunması müştəriləri bu istiqamətə yönəldir.


Ekspert Ərşad Hüseynov bildirir ki, yeni avtomobillərin bazara sürətli daxil olması alıcının seçimində böyük rol oynayır:

“Yeni avtomobillərin payı sürətlə artır. Bunlar əsasən Çin istehsalı modellərlə bağlıdır. Onların qiyməti əlçatandır, çeşidi genişdir və müasir texnologiyalarla təchiz olunublar. Elə modellər var ki, ikinci əl avtomobillərlə ya eyni, ya da çox cüzi qiymət fərqi var”.


Ekspert həmçinin bildirir ki, mövsümi amillər də avtomobil bazarına təsirsiz ötüşmür:


“Hazırda kənd təsərrüfatında çalışanların xərcləri çoxalır, tikinti sahəsində də qış aylarında durğunluq olur. Ona görə də bu, indiki durğunluq təkcə avtomobil bazarına yox, ümumi istehlak bazarına təsir edir. Təcrübələrimə əsasən deyə bilərəm ki, yay və payız aylarında canlanma gözlənilir”,- deyə ekspert əlavə edib.


Bazarda durğunluq hökm sürsə də, satıcılar hələ də ümidlərini itirməyiblər. Onlar inanırlar ki, yeni mövsümün başlanması ilə bazarda canlanma baş verəcək.