“Avto İnvest-Aİ” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 188 min ABŞ dolları məbləğində vəsaiti 2024-cü ildə xaricə köçürüb və 2 il müddət keçsə də, həmin məbləğdə alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb.
Bununla bağlı Mərkəzi Bank tərəfindən MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Avto İnvest-Aİ” inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 37 600 ABŞ dolları məbləğində cərimə edilib.
Qeyd edək ki, avtomobil şinləri və ehtiyyat hissələrinin təchizatı ilə məşğul olan “Avto İnvest-Aİ” 2014-cü ildən fəaliyyət göstərir. Vilayət Abdullayevin rəhbərlik etdiyi şirkətin nizamnamə kapitalı 50 manatdır.