SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış şəxslər məhkəmədə ifadə veriblər - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış şəxslər məhkəmədə ifadə veriblər - YENİLƏNİB

  • 07 avqust 2025, 22:28

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 7-də davam etdirilib.

Yurd.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Hakim məhkəməyə daxil olmuş yeni sənədləri elan edib. Bunlar ifadə vermək üçün məhkəməyə dəvət olunmuş zərərçəkmiş şəxslərdən bəzilərinin ölkədə olmaması, zərərçəkmiş şəxslərdən birinin vəfat etməsi və s. barədə olub. Hakim sənədlərin cinayət işinin materiallarına əlavə olunacağını bildirib, tərəflər buna etiraz etməyib.

İfadə verən zərərçəkmiş şəxs Hafiz Abdurrəhmanovun hüquqi varisi Ülviyyə Abdurrəhmanova həyat yoldaşının 2020-ci ildə 44 günlük Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində şəhid olduğunu bildirib.

Zərərçəkmiş şəxs Xəqani İbrahimovun hüquqi varisi - oğlu Adil İbrahimli ifadəsində atasının 1994-cü ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olduğunu deyib.

Kamran Əsgərovun hüquqi varisi - atası Bayram Əsgərov övladının 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olduğunu söyləyib.

Cavad Hüseynovun hüquqi varisi - atası Cavid Hüseynov övladının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.

Səxavət Hüseynov və Polad Vəlixanov 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə xəsarətləri aldıqlarını bildiriblər.

Tural Xəlilov və Murad Güləliyev ifadələrində 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin qəfil hücumu nəticəsində Laçın istiqamətində yaralandıqlarını deyiblər.

Rusif Səfərov ifadəsində 2023-cü il sentyabrın 19-da Xocalı istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində üç güllə yarası aldığını bildirib.

Nihad İmanov, Vüsal Babayev, Ayxan Nəsibov, İlkin Məmmədzadə, Etibar Məmmədov, Nüsrət Hüseynov, Nemət Süleymanov, Nail Quliyev, Ramil Adıgözəlov, Zahid Qafarov, Cavid Məmmədli, Sənhəm Mustafayev, Çingiz Mustafayev, Emin Eminov, Selman Məmmədov, Rüfət Novruzov və Yusif Əsədullayev ifadələrində 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Sabit Bayramzadə, Elməddin İsmayılov və Ayaz Həsənli Vətən müharibəsi zamanı mina partlaması nəticəsində yaralandıqlarını deyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Kənan Nəsirov 2020-ci il iyulun 12-də Tovuz döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralandığını söyləyib.

Qılman Hüseynov ifadəsində 2022-ci il avqustun 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndində mina təmizlənməsi zamanı mina partlayışı nəticəsində xəsarət aldığını deyib. Onun sağ ayağı amputasiya olunub. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı daha iki nəfər xəsarət alıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ramin Əliyev 2022-ci il oktyabrın 8-də Ağdam-Füzuli yolunun çəkilişi zamanı mina partlayışı nəticəsində yaralandığını söyləyib.

Şərif Əliyev ifadəsində 2020-ci ildə Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib. O, əsirlikdə döyüldüyünü, müxtəlif üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıb. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlamasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

O, təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.

Zərərçəkmiş şəxs 2020-ci il dekabrın 15-də Azərbaycana qaytarıldığını bildirib.

Ceyhun Tanrıverdiyev ifadəsində hərbi xidmətdə olan zaman, 1997-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. 1999-cu il sentyabrın 17-də Azərbaycana qaytarılıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, əsirlikdə saxlanıldığı vaxt döyülüb, söyülüb, işgəncələrə məruz qalıb.

Nail Rəcəbli ifadəsində hərbi xidmətdə olarkən, 1998-ci il yanvarın 1-də Beyləqan rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. Xankəndidə təcridxanada, Şuşa həbsxanasında, İrəvanda həbsxanada saxlanılıb. 2000-ci il iyulun 18-də Azərbaycana qaytarılıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlikdə saxlanılan zaman xəsarət yetirilməsi nəticəsində yaralanıb, habelə barmağı sındırılıb, döyülüb, işgəncələrə məruz qalıb.

Amil Əliyev və Murad Sadıq 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı yaralandıqlarını deyiblər.

Samir Cəbiyev 2010-cu il avqustun 17-də Gədəbəydə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində güllə yarası aldığını bildirib.

Sədrəddin Mürşüdov bildirib ki, hərbi xidmət zamanı, 1997-ci il fevralın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən xəsarət yetirilməklə əsir götürülüb. Əsirlik zamanı Şuşada və Xankəndidə saxlanılıb. Zərərçəkmiş şəxs bildirib ki, əsirlik zamanı milli ədavət zəminində, azərbaycanlı olduğuna görə döyülüb, işgəncələrə məruz qalıb, nəticədə ağır travma alıb. 1999-cu il oktyabrın 25-də Azərbaycana təhvil verilib.

Arzu Muxtarov bildirib ki, 1992-ci il iyulun 12-də Murovdağda yaralanaraq əsir götürülüb və Xankəndiyə aparılıb. Əsirlikdə saxlanılan zaman ona işgəncələr verilib, döyülüb. 1994-cü il mayın 14-də pul qarşılığında buraxılıb.

Yunis İsmayılov ifadəsində 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq əsir götürüldüyünü bildirib. 1996-cı il mayın 10-da əsirlikdən azad olunub. O da digər əsirlər kimi işgəncələrə məruz qalıb, özünün və digər əsirlərin zorla dişləri çəkilib.

Təbriz Balayev, Fərhad Quliyev (mülki şəxs), Yaşar Məmmədov (mülki şəxs), Asif Tağıyev, Ədalət Nağıyev (mülki şəxs), Səyyad Abdullayev (mülki şəxs), Mirələm İsayev, Pərvin Abbasov, Absalam Cavadzadə və Kamran Sultanlı ifadələrində ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkdiklərini deyiblər.

Araz Abbasov 1993-cü il iyunun 5-də əsir götürüldüyünü bildirib. Həmin il avqustun 24-də əsirlikdən azad olunub. Əsirlik müddətində döyülüb, işgəncələrə məruz qalıb.

Nüsrət Əzizov ifadəsində 1994-cü il fevralın 1-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndində əsir götürüldüyünü bildirib. 1995-ci il mayın 12-də Azərbaycana təhvil verilib. O deyib ki, əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb.

Möhlət Mahmudov ifadəsində 1993-cü il iyulun 23-də Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq əsir götürüldüyünü deyib. Əsirlik zamanı ona dəhşətli işgəncələr verilib, mütəmadi olaraq döyülüb, qeyri-insani rəftara məruz qalıb. Əsirlikdə olarkən azərbaycanlı əsirlərdən biri gözü qarşısında güllələnərək qətlə yetirilib. Həmin ilin noyabr ayında Mehman adlı azərbaycanlı ilə birlikdə əsirlikdən qaçıb.

Vəlhəd Məmmədov 1993-cü il iyunun 16-dan 1996-cı il mayın 10-dək, Cəmaləddin Əliyev 1995-ci il avqustun 14-dən 20-dək əsirlikdə olub. V.Məmmədov bir neçə azərbaycanlı ilə birlikdə pul müqabilində əsirlikdən azad olunub. Əsirlik zamanı onların hər birinə işgəncələr verilib.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 8-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


*** 09:36

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilmiş cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı bu gün davam edəcək.

Yurd.Media-nın məlumatına görə, proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır.

Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

İclasda təqsirləndirilən şəxslər vəkillər və tərcüməçilərlə təmin olunublar.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev.

Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Prime Leasing