“Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının “Uni Oil” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və “Səyyarmextikinti" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə borc davası üzrə məhkəmə davam edir.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl “Aqrarkredit" ilə ASC arasında borc iddiası üzrə məhkəmə çəkişməsi olub və “Uni Oil" MMC-dən cəmi 37,8 milyon manat kredit borcun BOKT-un xeyrinə tutulması qərarı verilib.
Bunun ödənilməsi üçün borclunun "Səyyarmextikinti" ASC-də olan 47,8 faiz təsis payı həcmində daşınmaz və daşınar əmlaklara yönəldilib.
“Aqrarkredit"in həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə tələbkarın qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulsada borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməyib.
İcraat zamanı “Uni Oil” MMC-nin adına “Səyyarmextikinti" ASC-də hər birinin nominal dəyəri 2 manat olan öhdəliklərlə yüklənməmiş 233 209 ədəd adi səhmin mövcud olması məlum olub.
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə həmin səhmlərin üzərinə həbs qoyulub.