SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağsuda nadir tarixi sikkələr aşkarlanıb

Ağsuda nadir tarixi sikkələr aşkarlanıb

  • 08 yanvar 2026, 21:17

Ağsu rayonunda 2025-ci il ərzində nadir tarixi sikkələr aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Şıxməzid abidəsi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 18 ədəd sikkə tapılıb.

Tapıntılar ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova tərəfindən numizmatik təyinatının aparılması üçün Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Sikkələr ilkin olaraq muzeyin bərpa laboratoriyasında təmizlənib və Numizmatika fonduna təhvil verilib.

Sikkələrin numizmatik təyinatı Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən aparılıb.

Aparılan təyinat nəticəsində müəyyən edilib ki, sözügedən sikkələr Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövründə (1693-1722) Gəncə, Şamaxı, Dərbənd, İrəvan, Təbriz, İsfahan və digər şəhərlərdə zərb edilib, çəkisi 1.3-18.45 qram arasında dəyişən gümüş sikkələrdir. "Abbasi", "şahı", "mahmudi", "bisti" kimi tanınan bu sikkələrin üzərində ərəb qrafikası ilə dini ifadələr, hökmdarın adı, imamların adları, müxtəlif titullar, zərb edildiyi şəhər və hicri tarix həkk olunub.

Qeyd edək ki, Sultan Hüseyn dövründə, həmçinin qızıl sikkələr (misqal və əşrəfilər) də dövriyyədə olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları