SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ağdamın 2-ci yaşayış kompleksi 100-dən çox ailəni qəbul etdi

Ağdamın 2-ci yaşayış kompleksi 100-dən çox ailəni qəbul etdi

  • 01 sentyabr 2026, 19:54
Ağdam

Ağdam şəhərinin 2-ci yaşayış kompleksi 100-dən çox ailəni qəbul edib.

Yurd.Media xəbər verir ki, budəfəki köç çərçivəsində Ağdam şəhərinə - 2-ci yaşayış kompleksinə 117 ailə, ümumilikdə 362 nəfər köçürülüb.

Doğma yurda qayıdan ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara yeni həyatlarında firavanlıq və xoş günlər arzulayıblar.

Daha sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Uzun illərdən sonra doğma yurda qayıtmağın sevincini yaşayan Ağdam sakinləri yeni mənzillərinə yerləşiblər.

Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa edilib. Kompleksdə 114 birotaqlı, 464 ikiotaqlı, 536 üçotaqlı və 154 dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil yerləşir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları