Bu gün Metbuat.az xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür.
Saytın təsisçisi və baş redaktoru Ramil Mirzəyev Yurd.Media-ya müsahibəsində “Metbuat.az”ın əldə etdiyi nailiyyətlər və gələcək hədəflərini bölüşüb.
O qeyd edib ki, gündəmə təsir edən, ictimai rezonans doğuran hər bir material "Metbuat.az" üçün mühüm nailiyyət hesab olunur:
"Rəqabətli media mühitində çoxsayda istinad alan xəbərlərimiz, eləcə də saytlar arasında reytinqlərdə ilk üçlükdə yer aldığımız hər gün bizim üçün ayrıca bir uğur göstəricisidir".
Ötən 9 il ərzində rəhbərlik editiyi saytın bir çox dövlət və qeyri-dövlət qurumlarının, xüsusilə də Medianın İnkişafı Agentliyinin onlayn media subyektləri üçün keçirdiyi müsabiqələrin qalibi olduğunu vurğulayan R.Mirzəyev qeyd edib ki, media sahəsində uğurlu olmaq üçün davamlı çalışma, prinsipial mövqe və kollektiv ruh vacibdir:
"Biz də məhz bu dəyərləri əsas tutaraq, komandamızla birlikdə bütün gücümüzlə fəaliyyətimizi davam etdiririk. Fəaliyyət göstərdiyimiz dövr ərzində həm ölkəmizdə, həm də media sahəsində ciddi və sistemli dəyişikliklər baş verib. Azərbaycanın beynəlxalq imicinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyan çoxsaylı qlobal forum və tədbirlərə ev sahibliyi etməsi bu dəyişikliklərin bariz nümunəsidir. Son illərin ən yadda qalan və taleyüklü hadisələrindən biri isə, şübhəsiz ki, 44 gün davam edən Vətən müharibəsi oldu. Həmin dövrdə "Metbuat.az" ölkə mediası ilə birgə informasiya müharibəsində fəal iştirak edərək, dezinformasiyaya qarşı mübarizə aparmaq və həqiqətləri operativ şəkildə ictimaiyyətə çatdırmaq kimi üzərinə düşən məsuliyyəti yerinə yetirdi".

Onun sözlərinə görə, media sahəsində institusional islahatlar – Prezidentin Sərəncamı ilə Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” qanunun qəbul edilməsi və Media Reyestrinin formalaşdırılması da mühüm mərhələ oldu:
"Bu addımların nəticəsi olaraq ölkə mediasında peşəkarlığın artdığını açıq şəkildə müşahidə etmək mümkündür. "Metbuat.az" da bu islahatların verdiyi imkanlardan səmərəli şəkildə faydalanıb. 9 illik fəaliyyətimizin nəticələrinə nəzər saldıqda, bu gün daha peşəkar, texniki və yaradıcı baxımdan güclü, aylıq oxucu auditoriyası 1 milyonu aşan bir media orqanı görürük".
Baş redaktoru qeyd edib ki, hazırda operativ və özəl xəbər istehsalı ilə yanaşı, sosial media platformalarında daha geniş auditoriyaya çatmaq istiqamətində sistemli işlər aparırıq:
"Eyni zamanda audiovizual media sahəsində yeni layihələr üzərində çalışırıq. Yaxın günlərdə bu layihələrin geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur və hesab edirəm ki, onlar "Metbuat.az"ın media məkanındakı mövqeyini daha da gücləndirəcək".
Yurd.Media saytının bütün kollektivi adından "Metbuat.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!