15 yaşlı Azxeber.comun baş redaktoru: Türkdilli dövlətlərlə, onların mediası ilə sıx əlaqələrimiz yaranıb - MÜSAHİBƏ

15 yaşlı "Azxeber.com"un baş redaktoru: Türkdilli dövlətlərlə, onların mediası ilə sıx əlaqələrimiz yaranıb - MÜSAHİBƏ

Bu gün "Azxeber.com" informasiya portalının 15 yaşı tamam olur. 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. “Yurd.Media” artıq dillərdə "Azxəbər" kimi əzbər olmuş "Azxeber.com" portalının baş redaktoru Əfsələddin Ağalarovla ötən illərə nəzər salıb, gələcək planları müzakirə edib.


- Əfsələddin bəy, "Azxeber.com" portalının yaranması necə baş verib?

- "Azxeber.com" 2010-cu ildə mənim və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılıb. O zamanlar biz Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində təhsil alırdıq. Biz tələbə jurnalistlərin öz fikirlərini, yazılarını, reportajlarını təqdim edə bilmələri üçün "Azxəbər"i yaratmaq qərarı aldıq. 2010-cu ildə qəzetçilik ənənəsi yekunlaşır, qəzetlərin satışı azalır və müxtəlif məşhur qəzetlər onlayn versiyaya keçməyə çalışırdı və artıq internet mediası formalaşırdı. Belə bir ərəfədə biz öz fəaliyyətimizə başladıq. Qəzetçilikdən internet mediyaya daxil olan zaman hər ikisində uğur qazanmaq o qədər asan olmur. Amma biz internet media subyekti kimi fəaliyyətə başladıq və biraz da gənc olmağın və operativliyin verdiyi üstünlüklər bizim qısa zamanda fərqləndirməyimizəə səbəb oldu.

- 15 il ərzində əsas hansı çətinlikləri dəf etməyi bacarmısız?

- 15 il bir media subyektinin həyatda qalması, yaşaması və fəaliyyəti üçün az müddət deyil. 2010-cu ildə bizim nə ofisimiz, nə də təchizatımız var idi. Sadəcə təşəbbüskar tələbələrdən, jurnalistlərdən təşkil olunmuş bir komandamız var idi. Bizim ofis fəaliyyətimiz növbəti illərdə, reklam bazarına daxil olaraq müəyyən maddi gəlir əldə etdikdən sonra başladı. Çünki siz jurnalistika fəaliyyəti ilə məşğulsunuzsa, istənilən halda müxtəlif çətinliklərlə qarşılaşa bilərsiniz. Bunun əsası sizin informasiylarınızın daha çox paylaşılması, oxunması və görünməsidir. Məsələn ola bilər ki, hansısa xəbər resursunun verdiyi informasiyanı siz də vermisiz, amma sizdə daha çox görülüb. Bizim böyük çətinliklərimiz olub amm biz hər bir çətinliyin üzərindən getmişik. Buna görə də sayt indi öz fəaliyyətini daha geniş şəkildə göstərir.

- "Azxəbər"in fəaliyyəti və inkişafı təkcə Azərbaycan media məkanındadırmı?

- "Azxəbər"in tək Azərbaycan deyil, müxtəlif ölkələrdə də çox yaxşı əlaqələri var, çox yaxşı tərəfdaşlıqları və partnyor müqavilələri var. "Azxəbər" media şirkəti olaraq da bir çox ölkələrdə tanınır. Bu şirkətin təkcə Azərbaycan mediası ilə deyil, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Gürcüstanda və daha çox ölkələrdə müqavilələri, şirkət əlaqələri yarandı. Bu gün biz Özbəkistanın nüfuzlu xəbər agentlikləri və özəl media subyektləri ilə çox rahat şəkildə əlaqə quraraq informasiya mübadiləsi apara bilirik. Onlar Azərbaycanla bağlı informasiya olduqda bizə müraciət edirlər, biz o informasiyanı dəqiqləşdiririk yaxud informasiyanın formatlarını onlara təqdim edirik. Yaxud hansısa rəsmi görüş olduğu zaman onlar gedə bilmirlərsə, biz onu hazırlayıb onlara veririk. Bunlar onu göstərir ki, "Azxəbər" təkcə Azərbaycanla deyil, Türkdilli dövlətlərlə, onların media subyektləri ilə sıx, yüksək səviyyəli əlaqələr yaradıb. Bunların hər biri kiçik çətinliklərin yaratdığı böyük uğurlardır.

- Bu 15 il ərzində "Azxəbər"in fəaliyyətinin hansı məqamları və uğurları sizin üçün yaddaqalan olub?

- "Azxəbər"in ilk yarandığı 2010-cu ildə internet medianın formalaşdığı dövr idi. 2011-ci ildə Azərbaycanın Mətbuat Şurasında 1 yaş tədbirimiz oldu. Bizim gözlənilmədən mükafatlandırılmamız baş verdi və bizə 2010-cu ilin ən perspektivli portalı mükafatı verildi. "Azxəbər"in müxtəlif mükafatları oldu, tədbirlərdə, mükafatlandırma mərasimlərində adı oldu. Eyni zamanda biz media platformalarında təmsil olunuruq. Mən cəsarətlə deyə bilərəm ki, "Azxəbər"in ən böyük uğuru sosial media və media subyekti arasında əlaqənin kökünü quran ilk xəbər portalı olmasıdır. 2010-cu ildə Azərbaycanda ilk dəfə Facebook səhifələri yarandığı və populyarlaşdığı zaman "Azxəbər"in rəsmi səhifəsi yaranmışdı və bu səhifə böyük oxucu kütləsi toplamışdı. Bizim bu gün Telegramda, Youtubda, İntagramda, TikTokda kifayət qədər oxucu kütləmiz var. Bu kütlənin günü-gündən artması bizim danılmaz uğurlarımızdan biridir. Bunun ən böyük səbəbi bu platformalarda bizim daha ciddi yanaşmağımız, ora uyğun layihələr etməyimizdir.

- 15 ildir çiyin-çiyinə çalışdığınız Hacıbəy Heydərli ilə dostluq və peşəkar idarəçilik prinsiplərini necə ayırd edə bilirsiniz?

- Mən və Hacıbəy Heydərli jurnalistikanın tələblərini, prinsiplərini çiyin-çiyinə öyrənmişik. Sözün məcazi mənasında, biz bərbərliyi öz başımızda öyrənmişik. Əlbəttə ki, bu dostluq münasibətləri olmasa, bu işi də görə bilməzdik. Bəlkə də, peşəkarlığı bəzən dostluq menasibətləri ilə ayırmaq lazımdır, amma, məncə, dostluq münasibəti peşəkarlıqla bir yerdə olduğu zaman daha uğurlu işlər ortaya çıxa bilir. Biz onunla birlikdə "Azxəbər"i bu günə qədər çiyin-çiyinə gətirib çıxartmışıq. Əlbəttə, bizim şəxsi dostluq münasibətlərimiz var və iş peşəkarlığına gəldikdə isə bir vəzifə bölgüsü var ki, hər kəs öz üzərinə düşən işi həyata keçirir.

- "Azxəbər"in sizin həyatınızda rolu nədir?

- "Azxəbər" mənim həyatımda təkcə bir layihə kimi deyil, həyatımın güzgüsüdür. Çünki 15 ilimi "Azxəbər"ə həsr etmişəm və burada 15 ilimi görürəm. Bu 15 il mənim gəncliyimdir, mənim jurnalistikaya, publisistikaya olan yanaşma tərzimdir. Həmçinin "Azxəbər" nələrisə edib və ya edə bilməmək sınağımdır.

- Sosial media şəbəkələrinin onlayn medianı sıxışdırması fikrinə münasibətiniz necədir?

- Biz sosial media ilə mübarizə aparmaq yerinə sosial şəbəkələrlə çiyin-çiyinə fəaliyyət göstərməyi daha üstün tuturuq. Bəzən o fikir səslənir ki, sosial şəbəkələr media subyektlərini sıxışdırır, biz isə düşünürük ki, sosial şəbəkələri qəbul etmək və onun imkanlarından yararlanmaq lazımdır. Bu günümüzün reallığıdır.

- ...bu reallıqlar fonunda "Azxəbər" hansı yenilikləri hədəfləyir?

- Biz çalışırıq ki, "Azxəbər" hər zaman gücünə güc qatsın. Zaman keçdikcə tələblər, dəyərlər, yanaşmalar dəyişir və bunun ortasında heçnə etmədən durub qalmaq bizim həyat və iş prinsipimizə uyğun gəlməz. Biz "Azxəbər"i bu günün tələblərinə uyğun formalaşdırmışıq və gələcəkdə hansı tələblər olacaqsa, biz o tələblərə uyğun formalaşdırma həyata keçirəcəyik. "Azxəbər"in var olması, daimi olaraq yaşaması təkcə bizlə deyil, onun daimi əməkdaşları ilə olur. Təsadüfi deyil ki, "Azxəbər"də çalışmış insanlar var ki, hazırda müxətlif önəmli vəzifələrdə çalışırlar. Onların arasında televiziyada və mətbuat xidmətində işləyən, rəhbərlik edən şəxslər, tanınmış aparıcılar, bu gün imzası tanınan jurnalistlər var. Bütün bunlar "Azxəbər"in bir məktəb kimi formalaşdığını və bu məktəbin məzunlarının özlərini daha yaxşı ifadə etdiyini göstərir. Həmçinin, bunlar üçün oxuculara təşəkkür edirəm, onlar olmadan biz bu 15 ili aşa bilməzdik və biz çalışacağıq ki, "Azxəbər" bütün dövrlərə uyğun formalaşsın və fəaliyyətini davam etdirsin.