SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Özümə və oxucularıma ödənilməmiş borclarım var - Bahəddin Həzi ilə 60 ilin astanasında MÜSAHİBƏ

"Özümə və oxucularıma ödənilməmiş borclarım var" - Bahəddin Həzi ilə 60 ilin astanasında MÜSAHİBƏ

Əməkdar jurnalist, publisist-yazıçı, “Bizim Yol” media qurumunun təsisçisi və baş direktoru Bahəddin Həzinin 60 illik yubileyi və yaradıcılığının 35-ci ili tamam olur. Yurd.Media ilə söhbətdə tanınmış jurnalist və publisist yubileyini sadəcə bir tarix kimi deyil, həm də bir “hesabat anı” kimi qiymətləndirir.

– Bu yubiley sizin üçün sadəcə bir tarixdir, yoxsa geriyə baxıb keçilən yola verdiyiniz bir qiymətdir? Milli mətbuatımızı bu günü ilə bağlı sizi qane etməyən və xüsusi vurğulamaq istədiyiniz məqamlar hansılardır?

– Əslində ad günü, yubiley insan həyatının tarixi xronoloji göstəricisi olmaqla yanaşı, həm də ömrün fəlsəfi tərəfinə də işıq salır, yaşadığın illərin anlamını vurğulayır. Bu baxımdan 60 yaş da mənim üçün hesabat anıdır. Mediamızla bağlı hissəyə gəlincə, əlbəttə, çox iş görməliyik. Uğurlara sevinməklə yanaşı, qüsurları da aradan qaldırmaq üçün işləməliyik.

– Sizcə, bir jurnalist üçün ən böyük mükafat nədir: diplomlar, fəxri adlar, yoxsa oxucuların sevgisi?

– Hər birinin öz yeri, öz məna keyfiyyəti, öz dəyər ölçüsü var. Amma əsas olan oxucu, tamaşaçı, dinləyici, izləyici marağı və məmnunluğudur. Bunlar varsa, başqa mükafatlar da var. Oxucu sevgisi əsasdır.

– “Əsl yazmaq indi başlayır” dediniz. Bunu deyərkən nəyə işarə etdiniz? Yeni dövrün Bahəddin Həzisindən nə gözləyək?

– Allah bizi bir dəfə yaradır. Amma ömür boyu özümüzü dəfələrlə yenidən yaratmaq üçün bizə imkan da verir. Tanrı ən böyük, ən talantlı yaradıcıdır. Amma öz yaradıcı sifətlərindən insana da pay verib. Yaradıcı adamlar da zaman-zaman özünü yenidən yaratmalıdır. Varsa, öz yaradıcı talantını müxtəlif tərəflərdən göstərməyə çalışmalıdır. Yəqin ki, mən də özümü yeni mərhələdə yaradıcılıq mənasında yenidən yaratmalıyam. Bunu bir borc kimi hiss edirəm. Özümə və oxucularıma ödənilməmiş borclarım var. Hər halda belə hiss edirəm.

– İndi gənc jurnalistlərə baxanda, onların hansı keyfiyyətlərinə sevinir, hansı boşluqlarına təəssüflənirsiniz?

– Bizim ardımızca yeni nəsil gəlir. Çox istedadlı nəsildir. Əslində yaşlı nəsil bəzən cavanlardan gileyli olur. Amma cavanlar da bizik. Keçmişimizlə, indimizlə, gələcəyimizlə bir bütünük. Cavan jurnalistlər arasında çox oxuyan, daim öyrənən, öz üzərində çalışan, xarici dilləri bilən, yeni texnologiyalara vaqif olanlar, dünyaya çıxanlar az deyil, çoxdur. Buna çox sevinirəm. Gənclər özgəsi deyil ki, onlar da bizik. Onlar bizimdir. Uğurları ilə, xırda-para qüsurlarla hamısı bizimdir. Qüsurlar demişkən, gənclərin səhv etmək hüququ var. Ən böyük kəşflər də bəşəriyyətin səhvlərindən öyrəndikləridir. O adam səhv etməz ki, heç nə etmir. İş varsa, qüsur da olacaq. Ancaq qüsuru uğurla əvəzləməkdə biz yaşlı, orta yaşlı nəsil gənclərə dəstək olmalıyıq. Bir də ki, guya səhvi elə təkcə gənclər buraxır? Bizim də çox qüsurlarımız var. Əsas odur ki, bütün həyatımız yanlış olmasın. Biz bəzən gənclərə şans tanımırıq, fürsət vermirik, qüsurunu şişirdirik, əlindən tutmuruq, sonra da deyinirik ki, gənclər niyə belədir? Məgər döyüşüb torpaqlarımızı geri alan, qürurumuzu yerdən qaldıran əsgər və zabitlərimiz həmin gənclərimiz deyildimi?! Niyə bu tərəfindən də baxmayaq?! Jurnalistikada da əsl talantlar, öz işinə könül vermiş yaradıcı fədakarlar arasında çoxlu gənclər var. Bu, çox gözəldir. Biz elə tənqid etməyə öyrəşmişik. Yeri gələndə mütləq təqdir etməyi də bacarmaq lazımdır. Kim nə deyir-desin, çox gözəl gənc nəsil gəlir. Bu, həqiqətdir.

Prime Leasing