Əsas səhmdarı (68%) Qafar Dəmirçi olan və Azərbaycanda faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 5 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onlara illik 14% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter "Unicapital lnvestisiya Şirkəti" ASC-dir.
Xatırladaq ki, "Ferrum Kapital" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Qafar Dəmirçidən başqa şirkətin təsisçiləri Məhəmməd Həbibzadə (23 %), "AQA Şirkətlər Qrupu" MMC (4,5 %) və "Vesta İnvestment" MMC-dir (4,5 %).