Azərbaycanda banklarla yanaşı, bank olmayan kredit təşkilatları (BOKT) da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına cəlb edilməlidir.
Yurd.Media xəbər verir ki, bunu “CBC FM Azerbaijan”ın “Qarabağ Gündəm” verilişinin efirində maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Sevindirici haldır ki, bu gün həmin ərazilərdə azı 4 bank filialını açıb. Onların sayının artırmasına çalışmaq lazımdır. Təbii ki, 22 bankın hamısının Qarabağ və Şərqi Zəngəzurda təmsil olunması real deyil, amma heç olmasa 10-12 bankı cəlb etmək olar. Bu, həm işğaldan azad edilmiş ərazilərdə kreditləşmə imkanlarını artırar, həm də rəqabət mühiti yaradar. Onu da nəzərə almaq lazımdır ki, bu gün həmin ərazilərdə təxminən 60 min insan yaşayır və onların heç də hamısı əmək və ödəniş qabiliyyətli insanlar deyil. Yəni, banklar üçün müştəri bazası hələ zəifdir və ola bilsin ki, Qarabağ və Şərqi Zəngəzurdakı filiallar zərərlə işləyir. Bunu nəzərə alaraq banklara müəyyən güzəştlər, məsələn, vergi güzəştləri etmək olar ki, onlar işğaldan azad edilmiş ərazilərdə işləməkdə maraqlı olsunlar".
Onun sözlərinə görə, bundan başqa, ölkədəki 54 BOKT-dan bir neçə iri təşkilatın da Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərməsini stumullaşdırmaq lazımdır:
"Azərbaycan təcrübəsində banklar daha çox iri şəhərlərdə və rayon mərkəzlərində yaşayanlara kredit verməyə çalışır, kəndlərin sakinləri ilə işləməkdə maraqlı olmurlar. Çünki, kəndlərdə yaşayanların ödəniş qabiliyyəti zəif olur, rəsmi gəlirləri adətən olmur. BOKT-lar isə belə insanlara kredit verir. Onların krediti banklarla müqayisədə azı 2 dəfə baha olsa da, hər halda riskə gedirlər”, - deyə o qeyd edib.
Bundan başqa, mütəxəssis təklif edib ki, Azərbaycanda getdikcə sıradan çıxmaqda olan maliyyə institutlarının – kredit ittifaqlarının işğaldan azad edilmiş ərazilərdə yaradılması stumullaşdırılsın:
“Mərkəzi Bank vətəndaşları maarifləndirə bilər ki, hər kənddə azı 11 nəfər bir araya gəlib kredit ittifaqı yaratsın. Bununla da, yerli sakinlər qarşılıqlı şəkildə bir-birinə maliyyə dəstəyi verə bilər”.