Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC bu bazarın digər iştirakçısı “Caspian Auto İmport” ASC-nin nizamnamə fonduna qoyduğu 400 min manat kapitalı geri çəkməyə hazırlaşır.
Yurd.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Məlumata görə, pulun götürülməsi məsələsi “Hermes Finance”ın səhmdarlarının avqustun 3-də, saat 10:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağında müzakirə ediləcək.
Yığıncaq şirkətin baş ofisində - Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.
Müvafiq qərar qəbul edilsə, "Hermes Finance"a məxsus hər birinin nominal dəyəri 1 manat olan 400 min ədəd səhm geri satin alınaraq ləğv ediləcək.
Son nəticədə “Caspian Auto İmport”un nizamnamə kapitalı 600 min manatdan 200 min manata düşəcək, digər səhmdarının payı 33,3%-dən 100%-ə yüksələcək. “Hermes Finance” həm də “Level Leasing” MMC-də 38% pay sahibidir.