Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 6-nın yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 7 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.
Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə “Xalq Sığorta”da (1,8%) olub.
1 sığorta şirkətinin – “A-Qrup Sığorta” ASC-nin yığımları dəyişməyib.
Bu dövr ərzində 9 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (85,2%), ən aşağı dinamika isə “Atəşgah Həyat Sığorta” ASC-də (3%) qeydə alınıb.