Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 6,5% saxlanılmasına qərar verib.
Qurumdan Yurd.Media-ya bildirilib ki, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5 % saxlanılıb.
"Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat iyunun 24-də ictimaiyyətə açıqlanacaq. Qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.