Yanvardan köhnə avtomobillərə aksizlər artırılacaq
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, ölkəyə idxal olunan 7 ildən köhnə avtomobillər üçün aksiz dərəcələri yüksəldiləcək. Yeni qaydalar yanvarın 1-dən qüvvəyə minəcək.
Yurd.Media xəbər verir ki, Yeni qaydalara görə, istehsal tarixi 7 ildən çox olan avtomobillər üçün vergi yükü ciddi şəkildə artacaq. Hazırda 2000 kubsantimetrlik mühərrikə malik benzin avtomobili üçün tətbiq edilən aksiz dərəcəsi yanvardan etibarən 1,5 əmsalla hesablanacaq. Dizel mühərrikli avtomobillərdə isə bu göstərici ikiqat artırılacaq.
İqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, məsələ yalnız qanunun qəbul olunması ilə bitmir, onun tətbiq vaxtı və keçid mexanizmi də xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, həm fərdi şəxslər, həm də biznes subyektləri üçün orta və qısamüddətli dövrlərdə proqnozlaşdırma aparılmalı, dəyişikliklərə uyğunlaşmaq üçün müəyyən dövr tanınmalıdır.
“Belə qanun layihələri təqdim edilərkən, vətəndaşlar və biznes üçün adaptasiya müddəti müəyyən olunmalıdır. Xüsusilə xərclərin artımı istiqamətində aparılan dəyişikliklərdə bu, daha da vacibdir,” — deyə ekspert vurğulayıb.
Hazırkı mexanizmə əsasən, aksiz vergisi avtomobil ölkəyə idxal edilərkən, yəni gömrükdə rəsmiləşdirmə zamanı hesablanır. Bu isə avtomobilin alınma tarixini deyil, ölkəyə daxilolma vaxtını əsas götürür.
Ekspertlər hesab edirlər ki, qanun qüvvəyə minmədən əvvəl sifariş edilmiş avtomobillər üçün köhnə qaydalarla rüsumların tətbiqi təmin edilməlidir. Əks halda, bu, həm sahibkarları, həm də fərdi alıcıları gözlənilməz vergi yükü ilə üz-üzə qoya bilər.
Qeyd edəki, əvvəlki illərdə də oxşar qərarlarda yolda olan avtomobillərin ölkəyə buraxılmasına icazə verilib, mütəxəssislər bu dəfə də eyni yanaşmanın qorunmasını zəruri sayırlar.