SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda mikromobil nəqliyyat vasitələrinə maraq artır: 1,4 milyon sifariş icra edilib

Bakıda mikromobil nəqliyyat vasitələrinə maraq artır: 1,4 milyon sifariş icra edilib

Bakıda mikromobil nəqliyyat vasitələrindən istifadə sürətlə artır. Son səkkiz ay ərzində bu sahədə 1,4 milyon sifarişin uğurla icra olunması, şəhər nəqliyyatında yaşıl alternativlərə olan marağın artdığını göstərir.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda Bakıda keçirilən ictimai müzakirədə çıxışı zamanı bildirib.

Sədrin sözlərinə görə, bu səfərlərin əsas hissəsi şəhər mərkəzində həyata keçirilib. Ümumilikdə 770 min nəfər mikromobillik vasitələrindən istifadə edib. Səfərlərin 70 faizi 3 kilometrə qədər məsafəni əhatə edir. Qeyd olunub ki, hazırda Bakıda velosipedlərin sayı bir çox ölkələrin beynəlxalq göstəricilərindən daha yüksəkdir və əlavə sifarişlərin verilməsi planlaşdırılır.

Anar Rzayev qeyd edib ki, bu il ərzində özəl daşıyıcılar tərəfindən 400-ə yaxın əlavə ekoloji təmiz avtobusun alınaraq istismara verilməsi nəzərdə tutulur. Paralel olaraq, şəhərdə avtobus zolaqları şəbəkəsi genişləndirilib, optimallaşdırılmış marşrut şəbəkəsi tətbiq olunub. Nəticədə, 2023-cü illə müqayisədə avtobuslarla sərnişin daşımalarında 6 faiz artım qeydə alınıb ki, bu da təxminən 30 milyon əlavə sərnişin deməkdir. Avtobusların sayının artması fonunda bir avtobusla gündəlik daşınan sərnişin sayı 2023-cü ildə 630 nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 620-yə, 2025-ci ildə isə 560-a düşüb. Bu da şəhərdə avtobus sayının kifayət qədər olduğunu göstərir.

AYNA sədri əlavə edib ki, mikromobillik zolaqları təşkil olunarkən parklanma məsələsinə də xüsusi diqqət yetirilib. Onun sözlərinə görə, bu zolaqların təşkil olunduğu səkkiz küçə və prospektdə sahibkarların maraqları nəzərə alınaraq mövcud parklanma məntəqələri saxlanılıb. “Bəzi hallarda imkan tapılıb ki, həm parklanmanı, həm də mikromobillik zolaqlarını eyni zamanda təşkil edək. Lakin bəzi küçələrdə seçim etməyə məcbur olmuşuq və mikromobillik zolağını parklanmadan sonraya salmışıq. Xəqani küçəsində bəzən deyirlər ki, parklanma küçənin ortasındadır. Əslində, bu belə deyil. Zolaqları avtomobillərdən sonra yerləşdirdik ki, parklanmış maşınlar mikromobillik istifadəçilərinin hərəkətinə mane olmasın. Əks halda ciddi konfliktlər yaranardı,” – deyə sədr bildirib.

Prime Leasing