SÜJET
4 aydan artıq ev telefonu işləmədi. Telefon aparatından nəsə aydın olmayan bir qığıltı gəlirdi. Stansiyaya zəng edəndə “problem bizlik deyil” deyilirdi. Kimsə “axı, şəhər telefonu kimə lazımdır” sualını versə, haqlı olar yəqin. Əvvəllər bir-birimizə zəng edərdik, söhbətləşərdik, indi vatsapla mesajlaşırıq, teleqramda çatlaşırıq, feysbukda yazışırıq, instaqramda paylaşırıq, amma əvvəlki qaydada rahatca söhbətləşə bilmirik.
Doğrudur, bu gün smatrfonla həm səsli, həm də görüntülü bağlantı qurmaq olar, amma heç kəsin əvvəlki səbri qalmayıb. Uzun-uzadı söhbət hamını yorur. Səsli mesajları da sürətli rejimdə dinləyirik, guya vaxta qənaət edirik. İnternet dövründə nəinki stasionar telefonlar, hətta mobil əlaqə də mənasızlaşıb. Elə rahatı vatsapdır. Nə istəsən, özündə ehtiva edir. Hər ay 3,5 manat pul ödəyib ev telefonunu saxlamaq nəyə lazım?
Şəhər telefonunun bir əvəzsiz funksiyası hələ də qalmaqdadır, zəng gələndə mütləq eşidəcəksən. Müasir texnologiya insana operativ davranış imkanı bəxş etdiyi kimi, həm də özü ilə xeyli problem gətirir. Bu gün məlumat əldə etmək yox, məlumatdan gizlənmək istəyirik. Rahatlığı, sakitliyi qorumaq üçün telefonu səssiz rejimdə istifadə edən milyonlarla insan var. Nə zəng çatır, nə də mesajın səsi eşidilir. Müasir gənclik telefonu daim səssiz rejimdə işlətməyə üstünlük verir, başı oyuna qarışan gənc heç bir halda narahat olmaq, diqqətin yayınmasına şərait yaratmaq istəmir. Amma şəhər telefonu bu qaydalara tabe deyil, oradan mütləq evə zəng yayılacaq. Əgər qulaqlıqda deyilsənsə, deməli reaksiya verməlisən.
Nə isə, ev telefonumuz bir müddət işləmədi. Həm də bunun bir qəribə səbəbi vardı. Əsas xətt ağzına kimi geyim və digər əşyalarla dolu olan şkafların arxasında qalmışdı, ora da əlimiz çatmırdı. Günlərin bir günü onları boşaldıb önə çəkdik. Orada heç bir problem olmadığı aşkarlandı. Elə bu andan günümüz qaraya büründü. “Aztelekom”un 155 Çağrı Mərkəzinə edilən zənglərin sayına görə yəqin kiçik bir rekord vurmuşuq. 3-4 il öncə hətta bağ evində külək telefon xəttini qıranda bircə dəfə zəng eləmək bəs edərdi ki, usta elə həmin gün gəlib problemi aradan qaldırsın. Amma bu dəfə gələn olmadı. Nə həmin gün, nə də sonra.
Eləcə zəng edirdik, deyirdilər qeydiyyata aldıq. Səs-küy salmaq, çığırmaq fayda vermirdi. Əvvəl yenə qeydiyyata alırdılar, sonra dedilər sizin ərazini “Azeronline” şirkətinə vermişik. Onlara müraciət edin. Deyirik, axı biz hər ay sizə ödəyirik pulu, nə “Azeronline”? Axı bu internet provayderdir, stasionar xəttə baxmır. Deyirlər, elə belədir. Biz onsuz da bu sistemi dayandırırıq. Şəhər nömrəsi üçün gərək onlara müraciət edəsiniz. Modem qoşub telefon çəksinlər.
Nə qədər dava elədiksə, xeyri olmadı. Məsələ həllini yalnız “Aztelekom”un mətbuat xidmətinin işə qarışmasından sonra tapdı. Yəni problem elə ATS-in özündə imiş. Bir dəfə usta gəlib, baş çıxara bilməyib, çıxıb gedibmiş. Sonra mühəndis özü problemi aşkarladı, xətti işə sala bildi. Özü də, deyəsən, məsələ şişib. Mühəndis dedi ki, bu məsələyə görə işini itirib, yəni ərizəni yazıb işdən getməlidir. Problemi həll edən bir əməkdaş həm də işini itirib. Ola bilər burada başqa məsələlər var, amma hər halda məşhur “Mozalan” süjeti yada salmaq yerinə düşərdi. Filmdə ixtisar üçün səbəb axtaran müdir sonda hamıdan çox çalışan xadiməni işdən çıxarır, kiməsə gücü çatmır axı.
Telefon işləyir, zəng gəlir. Çox gözəl, amma bu çox çəkməyəcək. Görünür, stasionar xətlər elə “Aztelekom”un özünü də bezdirib. Gəliri az olan, xidmət isə çox tələb edən avadanlıqdan yəqin yaxa qurtarmaq istəyirlər. Hər yerə internet çəkilibsə, bu köhnəlmiş qurğular kimə lazımdır axı? Burada əhəmiyyətli olanı heç də nəyinsə lazım olub-olmaması deyil əslində. Xidmət sahəsində çalışan insanların, şirkətlərin müştəriyə yanaşmasıdır. Pulu zamanında ödəməsən, telefon əlaqəsi mütləq ayın 5-də kəsiləcək. Bəs niyə servis zamanında göstərilmir?
“Aztelekom”un nə ilə məşğul olduğunu bilmək üçün sosial media səhifələrinə baxmaq kifayət edər. Şirkətin feysbuk səhifəsində “Mükafat qazanmaq istəyirsiniz? Müsabiqəmiz Instagram səhifəmizdədir! Gözləməyin, qoşulun!” kimi elana rast gəlinir. Oyun oynamaq istəyənlər üçün bir fürsətdir. Oyun oynayanların dövrüdür, adi vətəndaşın şəhər telefonu isə heç kimə maraqlı deyil.