Binəqədi rayonunun 28 May qəsəbəsində kanalizasiya sularının və məişət tullantılarının küçələrə axıdılması yerli sakinlərin ciddi narahatlığına səbəb olub.
Yurd.Media xəbər verir ki, qəsəbə sakinləri "ATV Xəbər"ə çirkab sularının küçələrə axıdılmasından və zibillərin açıq şəkildə ətrafa atılmasını bildiriblər.
Onların sözlərinə görə, yağıntılı hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Yağan yağış nəticəsində yollar su ilə dolub və kanalizasiya suları üzə çıxaraq küçələrə yayılıb.
Məsələ ilə bağlı danışan sakinlər bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, problemləri hələ də öz həllini tapmayıb:
"Kanalizasiya iyinin qoxusu bizim evə qədər gəlir. Biz əsas xətdən cəmi 15 metr aralıda yaşayırıq".
"Azərsu" ASC-nin məlumatına görə, sözügedən ərazidə kanalizasiya infrastrukturu mövcud deyil. Qurumun qəza xidməti əməkdaşları əraziyə ezam olunub və ilkin tədbirlər görülüb.
Qeyd edək ki, problemin müvəqqəti aradan qaldırılması üçün briqada əraziyə göndərilib və təmizləmə işləri aparılıb.