SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xəzərdə ardıcıl zəlzələlər: Seysmoloq səbəbləri AÇIQLADI

Xəzərdə ardıcıl zəlzələlər: Seysmoloq səbəbləri AÇIQLADI

Son günlər Xəzər dənizində onlarla yeraltı təkanlar qeydə alınıb. Hər gecə Respublika Seysmoloji Xidmət Mərkəzi dəniz dibində növbəti zəlzələlərin olması ilə bağlı məlumatlar yayır. Elə ötən gecə saat 03:03-də Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb, zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

Daha sonra saat 06:43-də 3.1 maqnitudalı zəlzələ baş verib ki, onun da ocağı 50 kilometr dərinlikdə olub.

Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev Yurd.Media-ya bildirib ki, son dövrlərdə baş verən 3–4 bal gücündə təkanlar əslində güclü zəlzələlər deyil, daha çox zəif titrəyişlər kimi qiymətləndirilməlidir:

"Əvvəllər bu cür zəif təkanlar çox vaxt qeydə alınmırdı və zəlzələ kimi qəbul edilmirdi. Halbuki Azərbaycan ərazisində bu tip hadisələr minlərlə dəfə baş verir".

Seysmoloq qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanın seysmik zonada yerləşməsidir:

"Bu ərazilərdə dağəmələgəlmə prosesləri, qalxmalar və digər seysmik hadisələr təbii və qaçılmazdır. Regionda Afrika və Ərəbistan litosfer tavalarının hərəkəti nəticəsində yer qabığında gərginlik yaranır və bu da zəlzələlərə səbəb olur. Bu tavalar ildə təxminən 2–3 santimetr sürətlə hərəkət edərək toqquşur və nəticədə yeraltı təkanlar baş verir".

seysmoloq Ənvər Əliyevseysmoloq Ənvər Əliyev

Mütəxəssis bildirib ki, Azərbaycan Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanan böyük seysmik qurşağın bir hissəsində yerləşir və bu səbəbdən zəlzələlər burada təbiətin qanunauyğunluğu hesab olunur.

Ənvər Əliyev Xəzər dənizində baş verən proseslərə də toxunaraq vurğulayıb ki, dənizin dibindəki tektonik hərəkətlər bu təkanların əsas səbəblərindəndir. Xüsusilə dənizin şimal-şərq hissəsində, Dağıstan istiqamətində, eləcə də cənubda Bakıdan Kür çayının deltasına qədər olan ərazilərdə bu proseslər daha aktivdir.

Onun sözlərinə görə, bu cür təkanların quru ərazilərə keçməsi mümkündür, lakin onların nə vaxt və hansı gücdə baş verəcəyini dəqiq proqnozlaşdırmaq hazırkı elmin imkanlarından kənardır. 

Ə.Əliyev sonda bildirib ki, əsas məsələ zəlzələlərin qarşısını almaq deyil, onların dağıdıcı təsirlərindən qorunmaqdır:

"Bunun üçün isə müasir standartlara uyğun, dayanıqlı binaların tikilməsi xüsusi əhəmiyyət daşıyır. İnsan həyatı üçün ən böyük təhlükə zəlzələnin özü deyil, onun yaratdığı dağıntılardır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları