Tovuzda dönərdən zəhərlənənlər xəstəxanadan evə buraxılır.
TƏBİB-dən Yurd.Media-ya verilən xəbərə görə, 25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***09:10
36 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Yurd.Media-ya AQTA-dan məlumat verilib.
Hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi xəstəxananın təcili yardım şöbələrində davam etdirilir.
***25/06/2025 21:33
Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə Yurd.Media-ya AQTA-dan bildirilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.