Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Sprinter" və “Shacman” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən isə Yurd.Media-ya bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1989-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Xəstəyə dərhal zəruri tibbi yardım göstərilib, müayinələr aparılıb və qarın boşluğu orqanlarının travmatik zədələnməsi diaqnozu təyin edilib.
Aparılan cərrahi müdaxilə zamanı, həyatla uyuşmayan travmalar səbəbindən pasiyentin ölüm faktı qeydə alınıb.