Paytaxt və ətraf ərazilərdə yağan güclü yağış bir çox küçə və qəsəbələrdə çətin vəziyyət yaradıb. Ev və obyektləri su basıb, yollar keçilməz hala düşüb. Ən çətin vəziyyətlərdən biri isə Abşeronun Masazır qəsəbəsində qeydə alınıb.
Yurd.Media xəbər verir ki, sakinlər Baku TV-yə illərdir eyni vəziyyətlə üzləşdiklərini bildirirlər.
“Yorğan-döşək suyun içindədir. 25 ildir ki, bu vəziyyətdəyik.Yağış yağanda Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi suyun altında qalır. Problemin kökü kanalizasiyalardadır, heç biri işləmir. İşləsəydi, Masazır bu vəziyyətdə olmazdı”, - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Yaşanan mənzərə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, Abşeron rayonunun Xırdalan şəhəri istisna olmaqla digər bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil:
“O cümlədən Masazır kəndinin Əliağa Vahid küçəsində kanalizasiya şəbəkəsi və yağış sularının ərazidən kənarlaşdırılması üçün drenaj sistemi yoxdur. Hazırda Əliağa Vahid küçəsinin çökəklik hissəsində yağış sularının yığılması müşahidə olunur. Ərazidə gecə saatlarından başlayaraq hal-hazıra qədər mövcud su kütləsinin kənarlaşdırılması istiqamətində tədbirlər reallaşdırılır”.
Ətraflı süjetdə: