Lənkəran rayonunda avtomobil qəzası baş verib.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun 165-ci km-də, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, anidən maşını aşırıb.
Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları - 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova, 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova və azyaşlı, 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Sürücünün dediyinə görə, ailə Lerik rayonuna toy məclisinə gedib. Yolda onu yuxu tutub və idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.