"İstanbulda baş verən 6.2 maqnitudalı zəlzələnin Azərbaycanda yeraltı təkanların aktivləşməsinə hər hansı təsiri yoxdur".
Yurd.Media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
"Həm məsafə, həm də seysmotektonik quruluş baxımından Türkiyə ilə Azərbaycan arasında əlaqə olmadığı üçün orada baş vermiş zəlzələnin ölkəmizə heç bir təsiri ola bilməz", - deyə o bildirib.
Qurban Yetirmişli qeyd edib ki, zəlzələ baş verəndən sonra dalğaların yayılması müşahidə olunsa da, hazırda Azərbaycanın bölgələrində zəlzələ ocaqlarında hər hansı gərginlik toplanması yoxdur:
"Buna görə xırda təkanlar qeydə alınsa da, ümumi fon sakitdir. Əhali narahat olmasın".
Qeyd edək ki, İstanbulda 6.2 bal gücündə zəlzələ baş verib. Ardınca 4.4 və 4.9 maqnitudalı yeraltı təkanlar da qeydə alınıb.