SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bələdiyyə sədrini bıçaqlayan ofisiant: Gör səni necə məhv edirəm

Bələdiyyə sədrini bıçaqlayan ofisiant: "Gör səni necə məhv edirəm"

  • 06 iyul 2026, 20:27

Bir ay ərzində yaşadığı evin yaxınlığında gözləyib sonra bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edən şəxs məhkəmə qarşısına çıxarılıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.

Belə ki, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Ramin Hüseynzadə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, yumruq zərbəsi ilə Elşad Vəliyevin sol göz nahiyəsinə vuraraq sol gözaltı nahiyədə dərialtı hematoma və sol göz almasına qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib.

Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da, işdən çıxarıb.

Bundan sonra Ramin Hüseynzadə Elşad Vəliyevdən qisas almaq məqsədilə, sonuncu Naxçıvanda olduğu dövrdə təxminən bir ay ərzində onun yaşadığı evin yaxınlığında gözləyib. Bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edib və "Gör səni indi necə öldürürəm, məhv edirəm" kimi ifadələr səsləndirib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. İfadəsində göstərib ki, Elşad Vəliyevlə münasibətləri restoranda ofisiant işlədiyi dövrdə pozulub. İşdən çıxarıldıqdan sonra psixoloji gərginlik yaşadığını, yuxularının pozulduğunu və kiminsə onu izlədiyini düşündüyünü bildirib.

Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirmək üçün zərərçəkmişin yaşadığı evin yaxınlığına gedib. Həmin vaxt Elşad Vəliyevlə qarşılaşıb, aralarında mübahisə yaranıb və o, bıçaqla 2-3 dəfə zərbə endirib.
Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları