Şadlıq sarayında zəhərlənənlərin sayı 51 nəfərə çatdı - YENİLƏNİB 3

Şadlıq sarayında zəhərlənənlərin sayı 51 nəfərə çatdı - YENİLƏNİB 3

  • 19 aprel 2025, 13:32
Bakı

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30-da Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub".

Yurd.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub:

"Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub".

Məlumatda qeyd edilib ki, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - deyə bildirilib.

09:47

"Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bunu Yurd.Media-nın sorğusuna cavab olaraq AQTA-dan bildiriblər.

Araşdırmalar baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı həyata keçirilir.

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub", - AQTA-dan qeyd olunub.

Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.


09:21

"Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı 32 nəfər dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bunu Yurd.Media-nın sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.

Onun sözlərinə görə, zəhərlənənlərin 23-ü qadın, 9-u kişi cinslidir.

Ruzbeh Məmməd bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:

"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".


01:43

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən gün, axşam saatlarında paytaxtın Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Belə ki, toy məclisi yarımçıq dayandırılaraq zəhərlənən 20-yə yaxın şəxs dərhal xəstəxanaya çatdırılıb.

Məlumata görə, onların bəzilərinin durumu ağırdır.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda iştirak edən ifaçıların da olduğu bildirilib.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb "toyuq salatı" olub.