“Azəriqaz” İstehsalat Birliyi məhkəmə qərarını icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azəriqaz” barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol yazılıb.
Xətai rayon İcra Şöbəsinin tərtib etdiyi inzibati xəta haqqında materiala əsasən, “Azəriqaz” Sumqayıt Kommersiya Məhkəməsinin 5 dekabr 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.
Buna görə də icra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, barəsində 3 min manat məbləğində cərimə təyin olunub.
Bu qərardan “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Çarxı kəndində yerləşən qeyri-yaşıyış obyektinə borcla bağlı təbii qazın verilməsi dayandırılıb. Qaz bağlananda müəssisədə 500 min manat dəyərində quş olub, onların da 70 faizdən çoxu soyuqdan tələf olub.
Məlum olub ki, “Azəriqaz” müəssisəyə 130,8 min manat borc yazıb. Amma müəssisə rəhbərliyi borcun silinməsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri olaraq obyektə təbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qadağan edilib.