SÜJET
Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.
Yurd.Media-nın məlumatına görə, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb:
"Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib".
Məlumatda əlavə olunub ki, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir:
"Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət ediliblər, onlarla maarifləndirici görüş keçirilib.
Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
***
Masallıda şagirdlər arasında insident yaşanıb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.
Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hazırda Masallıda məktəbdə şagirdin döyülməsi ilə bağlı təhqiqat araşdırması aparılır.