Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, məlumata görə, səhər saatlarında Ziya Bünyadov prospektinin Dərnəgül istiqamətində hərəkət edən BMW markalı avtomobil körpü üzərində idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yolun ortasında yerləşən işıqlandırma dirəyinə çırpılıb.
Zərbənin təsirindən aşan dirək əks istiqamətdə hərəkətdə olan "Daewoo Gentra" markalı avtomobilin üzərinə düşərək ön şüşəni qırıb və salon hissəsinə daxil olub.
Hadisə nəticəsində "Daewoo Gentra"nın sürücüsü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.