Bakının Hövsan qəsəbəsindəki çimərliklərdən birinə kanalizasiya suyu axır.
Yurd.Media xəbər verir ki, çirkab suya görə dənizdəki balıqlar da tələf olur.
"Hər tərəfdən kanalizasiya suyu axır. Başdan-ayağa murdarçılıqdır, təmiz balıq da çıxmır", - deyə sakin Baku TV-yə şikayətini bildirib.
Ekoloq Rövşən Abbasovun sözlərinə görə, belə ərazidə ekosistem xidmətləri, balıq potensialı azalır:
"Balıq tutulsa belə, onu yemək təhlükəli ola bilər. Çirklənmə dənizin faunasına ciddi zərər vuran amillərdən biridir. Ona görə də burada geniş qiymətləndirmə aparılmalıdır". Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə bağlarda yaşayan sakinlər tərəfindən özbaşına xətlər çəkilir və çirkab suları həmin əraziyə axıdılır.
Məsələ diqqətdə saxlanılır və bununla bağlı qurum Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, həmin ünvanda qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Kanalizasiya sistemi olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Ətraflı süjetdə: