“MODİN” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən MMC-də əmək qanunvericiliyinin pozuntusu ilə bağlı yoxlama aparılıb.
Məlum olub ki, 2025-ci il yanvar ayının 1-dən respublika üzrə minimum aylıq əmək haqqının məbləğinin 400 manata çatdırılmasına baxmayaraq şirkətdə işçilər əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilib.
Qeyd olunanları nəzərə alaraq, şirkətdən 10 iş günü müddətində əsas iş yeri və tam iş vaxtı üzrə işləyən, əmək müqaviləsinə 400 manatdan aşağı əməkhaqqı daxil edilən işçilərinin əməkhaqqı məbləğlərinə “Əmək və Məşğulluq” altsistemində düzəliş edilməsi və görülmüş tədbirlər barədə Bakı Şəhər İdarəsinə yazılı məlumat verilməsi xahiş olunub.
“MODİN” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 2 min manat cərimə edilib.
Qeyd edək ki, "MODİN" MMC 2019-cu ildən fəaliyyət göstərir. Direktoru Reyhan Səfərova olan şirkətin hazırda dövlətə 31,5 min manat vergi borcu da yığılıb.