“TamStore”da keçirilən “1+1” kampaniyası ilə bağlı alıcı narazılıqları sosial şəbəkələrdə müzakirə yaradıb, şirkət isə aksiyanın şərtləri və tətbiqi ilə bağlı iradlara münasibət bildirib.
Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, "TamStore" mağazalarına baş çəkən vətəndaşların lentə aldıqları görüntülər rəflərdəki qiymət siyasəti ilə reallıq arasındakı ziddiyyəti nümayiş etdirir. Şikayətçilər qeyd edib ki, alıcıları cəlb etmək üçün vitrinlərə və qiymət lövhələrinə böyük hərflərlə “1+1” və ya cəlbedici endirim şüarları yazılsa da, kassaya yaxınlaşdıqda və ya məhsulları yaxından incələdikdə tamamilə fərqli mənzərə ilə qarşılaşıblar.
Vətəndaşlar qeyd edirlər ki, təqdim olunan bu cür kampaniyaların arxasında heç bir real güzəşt dayanmır, əksinə, ikinci məhsulun hədiyyə verilməsi və ya endirim adı ilə alıcılar sadəcə aldadılır, ciblərinə girilir.
İstehlakçılar mağaza içərisində dolaşarkən hər addımbaşı bu cür aldadıcı lövhələrlə rastlaşdıqlarını, lakin rəflərə yaxınlaşdıqda həmin məhsulların ya tək qiymətə satıldığını, ya da ümumiyyətlə heç bir kampaniya şərtini ödəmədiyini görüblər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov NOCOMMENT.az-a açıqlamasında "TamStore" mağazalar şəbəkəsində keçirilən aksiyalar zamanı yaranan narazılıqlara münasibət bildirib.
O qeyd edib ki, istehlakçı hüquqlarını qoruyan şəxs qismində özü də prosesi yerində izləmək üçün iki "TamStore" filialında olub və müştərilərlə əlaqə saxlayıb:
"Bu, olduqca miqyaslı və böyük bir kampaniya idi. Belə bir kampaniyanın təşkili heç də asan məsələ deyil, çünki hər bir mağazanın müəyyən mal yerləşdirmə tutumu var və o, müəyyən həcmdə məhsul saxlaya bilər. Əldə etdiyim məlumatlara görə, əslində, endirimə 100-dən artıq mal çeşidi daxil edilmişdi. Lakin təbii olaraq bəzi istehlakçılar istədikləri məhsulu əldə edə bilmədilər. Eyni zamanda, bir şəxsin eyni kampaniyadan iki dəfə yararlana bilməyəcəyinə dair məhdudiyyət qoyulmuşdu, lakin təəssüf ki, buna nəzarət edən mexanizm tam işlək deyildi".
E.Hüseynov əlavə edib ki, hər hansı bir şəxsin gəlib kampaniyadan təkrar – iki-üç dəfə yararlanmasının qarşısını alan konkret mexanizmin olmaması müəyyən boşluqlar yaradıb:
"Bunu bəzi hallarda gözüyumulu və ya qeyri-şəffaf şəkildə həyata keçirməyə çalışıblar və nəticədə müəyyən insan qrupları məhsul əldə edə bilməyərək haqlı narazılıqla üzləşiblər. Təəssüflər olsun ki, bir şəxsin kampaniyadan yalnız bir dəfə yararlana bilməsi şərti elanlarda öncədən açıq şəkildə qeyd olunmamışdı. İstehlakçılar bu barədə əvvəlcədən məlumatlandırılmalı idilər və narazılıq məhz bundan qaynaqlandı. Lakin birmənalı şəkildə bildirirəm: əgər hər hansı bir istehlakçının bu kampaniyada hüququ pozulubsa və onlar kassa çeki ilə birlikdə mənə müraciət edərlərsə, mən onların hüquqlarının 100% bərpa olunmasını təmin etməyə hazıram. Hətta bir neçə nəfərdən ibarət qrup halında müraciət edən istehlakçıların da hüquqlarını tam şəkildə qorumağa hazıram".
Sədr bildirib ki, bu məsələdə haqsızlıqla üzləşən və narazı qalan vətəndaşların müraciətlərini gözləyir:"Məhz buna görə də saytınız vasitəsilə çağırış edirəm: bu kampaniyadan narazı qalan bütün istehlakçılar ərizələri ilə mənə müraciət etsinlər. Daxil olan hər bir müraciəti dərhal ictimailəşdirəcək, müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracaq və vətəndaşların pozulmuş hüquqlarını qorumaq üçün bütün zəruri addımları atacağam".
Məsələ ilə bağlı "Tam Store" mağazalar şəbəkəsinin daxil olduğu "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elvin Babayev saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkələr, qaynar xətt və videomateriallar vasitəsilə daxil olan rəylər, eləcə də "TamStore"un həyata keçirdiyi aksiyalara göstərilən maraq müştəri məmnuniyyətinin nəzərəçarpacaq dərəcədə artdığını təsdiq edir. Hazırda şirkətimiz fəaliyyətini uğurla davam etdirir. Təbii ki, xidmət sektorunda insan faktoru mövcuddur və istənilən prosesdə hər hansı bir müştərinin kiçik də olsa narazı qalması mümkündür. Lakin ümumi rəylər və geri dönüşlər göstərir ki, istehlakçılarımız göstərilən xidmətdən son dərəcə razı qalıblar:
"Keyfiyyət məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, marketlərdə məhsulların "rəf ömrü" prinsipi mövcuddur. İstifadə müddətinin bitməsinə 40 gün qalan qida və qeyri-qida məhsulları adətən rəflərdən yığışdırılaraq istehsalçıya geri qaytarılır. Yəni "TamStore" heç bir halda vaxtı keçmiş və ya vaxtının bitməsinə az qalmış məhsulu müştərilərə təqdim etməkdə maraqlı deyil. Məhsullar istehsalçıdan birbaşa anbara daxil olur, ordan isə dərhal market rəflərinə çıxarılır və qısa müddətdə müştərilər tərəfindən alınır. Bu prosesi təsdiqləyən videogörüntüləri də təqdim etməyə hazırıq. Kampaniyalara gəlincə, ilkin mərhələdə 100 adda məhsul üçün "1+1" aksiyası tətbiq olunmuşdu. İstənilən vaxt məhsulların siyahısını sizinlə bölüşə bilərəm. Sonradan daxili imkanlar hesabına bu rəqəm 160-a çatdırıldı, lakin kommunikasiya əvvəlcədən getdiyi üçün bu barədə əlavə elan verilmədi. Eyni zamanda, çəkili məhsullarda "1+1" şərti tətbiq olunmadığı üçün yanaşmamızı dəyişdik və konfet, şokolad, kolbasa, sosiska kimi çəkili məhsullara 50% endirim tətbiq etdik. Bu məhsulları da nəzərə alsaq, təxminən 200-ə yaxın məhsul endirimdə olub. Eyni zamanda, meyvə-tərəvəz tam maya dəyərinə, hətta bəzi hallarda maya dəyərindən də aşağı qiymətə təklif edilib. Qırmızı ət və toyuq məhsulları üzrə də xüsusi kampaniyalar həyata keçirilib. Bütün bu məlumatları sistem üzərindən və Excel faylları şəklində təqdim edə bilərik".
Elvin Babayev qeyd edib ki, vitrinlərdə və qiymət lövhələrində qiymət uyğunsuzluğunun yaranması ilə bağlı sualınıza gəldikdə, qeyd edək ki, bu istiqamətdə heç bir müştəri şikayəti daxil olmayıb:
"Hər şey bir gün öncədən bütün mağazalarda tam şəkildə yoxlanılıb və heç bir uyğunsuzluq aşkar olunmayıb. Qiymət fərqi yalnız o halda yarana bilər ki, müştəri aksiyada nəzərdə tutulan məhsul əvəzinə fərqli çeşid götürsün. Məsələn, əgər yalnız ağ paltarlar üçün nəzərdə tutulan 1 kiloqramlıq "Ariel" yuyucu tozu endirimdədirsə, kampaniya yalnız həmin məhsula şamil olunur. 1,5 kiloqramlıq qablaşdırma və ya rəngli paltarlar üçün olan məhsullar bu aksiyaya daxil deyil".