SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
MÜSİAD Azərbaycan: Qeyri-qida məhsullarına nəzarət gücləndirilməlidir

"MÜSİAD Azərbaycan": "Qeyri-qida məhsullarına nəzarət gücləndirilməlidir"

  • 16 dekabr 2025, 13:36

Bu gün Azərbaycanda həllini gözləyən vacib məsələlərdən biri qeyri-neft-qaz və qeyri-qida məhsullarına nəzarətin gücləndirilməsidir.

Yurd.Media xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") İdarə Heyətinin sədri Rəşad Cabirli media nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, keyfiyyətin ölçülməsi, keyfiyyət infrastrukturu məsələlərini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə görüşdə qeyd edilib:

"Bu gün ölkəyə daxil olan məhsullara, xüsusilə qeyri-qida məhsullarına nəzarət çox zəifdir. Yerli standartların beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dövlət proqramı var. Bu istiqamətdə hələ ki, ciddi irəliləyiş hiss olunmur. Keyfiyyət ciddi məsələdir, Türkiyədən idxala da təsir edə biləcək amildir. Çindən və digər ölkələrdən idxal olunan məhsullarla bağlı biz dövlət qurumlarının qarşısında məsələlər qaldırırıq", - deyə R.Cabirli bildirib.

"MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri həmçinin ölkədə tenderlərin şəffaf keçirilməsi ilə bağlı məsələni də vurğulayıb.

Onun sözlərinə görə, bəzi məsələlər sahibkarlığın inkişafına çətinliklər yaradır:

"​Tenderlərlə bağlı keçirilən açıq və qapalı görüşlərdə dövlətin sahibkarların yanında olduğunu, iş adamlarına dəstək verdiyini hiss edirik. Düşünürəm ki, bu sahədə vəziyyət getdikcə daha yaxşı olacaq", - deyə o qeyd edib.

Bu gün Azərbaycanda iqtisadi şaxələndirmə indeksinin ("economic complexity index") aşağı olduğunu bildiriən Rəşad Cabirli qeyd edib ki, qeyri-neft-qaz sektorunun inkişafı, ölkədən ixrac edilən məhsulların çeşidinin artması ilə həmin indeks də yüksələcək.

Eyni zamanda R.Cabirli vurğulayıb ki, təkcə bu il "MÜSİAD Azərbaycan" üzvləri ölkə iqtisadiyyatına 93 milyon manat investisiya qoyub, son 4 ildə investisiya qoyuluşunun ümumi məbləği isə 167 milyon manat təşkil edib:

"Üzvlərimiz hər il 10 milyon manatlıq ixrac həyata keçirir. Biz hər il qarşımıza strateji hədəflər qoyuruq. Bu hədəflərdən biri investisiyaların artırılması, ticarətin xüsusilə üzvlər arasında genişləndirilməsidir. Bu il üzvlərimiz öz aralarında 4,6 milyon manatlıq ticarət edib. Son 4 ilin ümumi göstəricisi isə 11 milyon manata yaxındır", - deyə R.Cabirli əlavə edib.

O həmçinin vurğulayıb ki, "MÜSİAD Azərbaycan"ın 100 üzvü 8,5 min şəxsi işlə təmin edib.

Qeyd edək ki, MÜSİAD Azərbaycanda 2017-ci ildən aktiv fəaliyyət göstərir. Ümumilikdə MÜSİAD-ın 84 ölkədə 178 şöbəsi var.

Prime Leasing
SPE Annual Caspian