“Terminal Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cəmiyyət tərəfindən 80 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 80.000 dollar məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Terminal Consultinq” həmin məbləğin 20 faizi miqdarında, yəni 16 min dollar (27,2 min manat) cərimə edilib.
Qeyd edək ki, “Terminal Consultinq” MMC 2011-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalının cəmi 100 manat olan şirkətin hazırda 4 milyon manat vergi borcu yığılıb. Şirkətin direktoru vəzifəsində bu yaxınlarda Cəfər Əlizadənin yerinə Orxan Mehdiyev təyin olunub.