Azərbaycanda tikinti texnikaları, anbar avadanlıqları və ağır texnikanın satışı sahəsində fəaliyyət göstərən “İntermak Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İntermak Group MMC 13 410 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə “İntermak Group” MMC inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi həddində, yəni 2 682 ABŞ dolları inzibati cərimə edilib.
Bu qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, nizamnamə kapitalını 10 manatdan 70 min manata yüksəldən “İntermak Group” MMC bir sıra dövlət müəssisələrinin tenderlərinin qalibi olub. Bunların sırasında Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üçün xüsusi texnikaların satınalınması üzrə 57 min manatlıq, həmçnin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin ekskavatorların satınalınmasına görə 4,5 milyon manatlıq müqavilələri qeyd etmək olar.
2017-ci ildən fəaliyyət göstərən şirkətin rəhbəri Xəqani Veyislidir.