Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkəti barəsində “Reklam haqqında” qanunvericiliyin tələblərini pozduğuna görə cərimə protokolu tərtib edib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, iyunun 24-də tərtib olunmuş protokolda “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin pozulduğu əks olunub.
Qanunun 4.2-ci maddəsində deyilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.
Qanunun 7-ci maddəsi isə qeyri-dəqiq reklamı xarakterizə edir. 7.1.4-cü maddədə deyilir ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur.
Belə ki, Dövlət Agentliyi “ABC-Telecom” barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib. Bu maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, Dövlət Agentliyi “ABC-Telecom” şirkəti barəsində bu ilin mart ayında da eyni maddələrlə cərimə protokolu tərtib edib.