Daşınmaz əmlakın idarəedilməsi sahəsində fəaliyyət göstərən “İFM” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İFM” MMC tərəfindən 15 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MMC inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən şirkət Dövlət Neft Fondu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və digər dövlət strukturlarının cari təmir materialları və havalandırma avadanlıqları və sair mal-materialların satın alınması üzrə irihəcmli tenderlərin qalibi olub.
Nizamnamə kapitalı 100 manat olan “İFM” MMC-nin direktoru Mahmud Muradovdur. Hazırda şirkətin dövlətə 57 min manat vergi borcu yığılıb.