“SAEM Construction” MMC-də əmək qanunvericiliyinin pozulması ilə bağlı araşdırma aparıldı
Bakıda bina tikintisi sahəsində fəaliyyət göstərən “SAEM Construction” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək qanunvericiliyinin pozuntusu aşkar olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, vətəndaşın şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb.
Vətəndaş müraciəti ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MMC-yə sorğu göndərilib. Sorğu məktubunda müvafiq sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunsa da, tələb olunan sənədlər Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməyib.
Buna görə də “SAEM Construction” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət 2000 manat, MMC-nin vəzifəli şəxsi isə 1000 manat cərimə olunub.
Qeyd edək ki, “SAEM Construction” 2021-ci ildən fəaliyyət göstərir, direktoru Saadetdin Sevimdir.