"Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı barəsində protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən şirkətdən mülkiyyətində olan və İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən avtomobili idarə etmiş şəxs barədə məlumatların verilməsi xahiş olunub.
Lakin şirkət rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları təqdim etməyib.
Buna görə də "Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi" barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat cərimə olunub.
Qeyd edək ki, "Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı bundan əvvəl də eyni əmələ görə cərimə olunub.
Regional infrastruktur, yol və su anbarları layihələrinin icrasında iştirak edən və Asim Cengizin rəhbərlik etdiyi şirkət Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir. Türkiyənin məşhur "Cengiz Holding" qrupuna daxil olan "Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialının hazırda dövlətə 2,5 milyon manat vegi borcu var.