SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda Massimo Dutti” və Oysho” mağazalarından xeyli paltar oğurlandı - MƏHKƏMƏ

Bakıda "Massimo Dutti” və "Oysho” mağazalarından xeyli paltar oğurlandı - MƏHKƏMƏ

  • 03 iyul 2026, 18:13

Bakıda mağazalardan kişi və qadın geyimləri, o cümlədən köynəklər, şalvarlar, ətəklər və digər geyim əşyaları oğurlayan şəxs yaxalanıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində fəaliyyət göstərən məşhur geyim mağazalarından silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

İttihama görə, təqsirləndirilən şəxs mağaza personalının və təhlükəsizlik əməkdaşlarının diqqətindən yayınaraq "Massimo Dutti” və "Oysho” mağazalarından müxtəlif geyim əşyalarını oğurlayıb. O, oğurladığı malların üzərindəki mühafizə qurğularını xüsusi dəmir alətlə sökərək əşyaları mağazadan çıxarıb.

Məlum olub ki, oğurluq hadisələri Bakı şəhərində yerləşən "Crescent Mall” və "28 Mall” ticarət mərkəzlərində baş verib. Təqsirləndirilən şəxs müxtəlif günlərdə mağazalardan kişi və qadın geyimləri, o cümlədən köynəklər, şalvarlar, ətəklər və digər geyim əşyalarını ələ keçirib.

İttihama əsasən, bir neçə epizod üzrə törədilən oğurluqlar nəticəsində mağazalara yüzlərlə manat məbləğində maddi ziyan vurulub. Son epizodda isə o, mağazadan əl çantası oğurlamağa cəhd edərkən təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs daha əvvəl də eyni üsulla müxtəlif geyim əşyalarını oğurlayaraq satıb. O, əldə etdiyi əşyaların bir hissəsini nağd pul müqabilində tanışlarına satdığını etiraf edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamla qismən razılaşaraq, maddi çətinlik səbəbindən bu addımı atdığını bildirib. O, mağazalardan götürdüyü əşyaların bir hissəsini satdığını, digər hissəsini isə kimə verdiyini xatırlamadığını qeyd edib.

Lakin məhkəmə toplanmış sübutları qiymətləndirərək onun təkrar oğurluq cinayəti törətdiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun saxlanıldığı 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanıb və nəticədə üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları