Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə balans kapitalı 25 milyon manatdan çox olub.
Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Birkredit” (87,2 milyon manat), “Azpul” (65,8 milyon manat), “SF Azerbaijan” (35,6 milyon manat), “M Bulak” (29,1 milyon manat) və “Embafinans”dır (25,8 milyon manat).
4 BOKT-un balans kapitalı 10-25 milyon manat arasında, 32 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 9 BOKT-un balans kapitalı isə 0-1 milyon manat arasında olub, 1 BOKT – “Para”nın balans kapitalında 19,1 milyon manat çatışmazlıq yaranıb.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 42-nin son 1 ildə balans kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (40,1 dəfə), ən aşağı dinamika isə “Finca Azerbaijan”da (1,3%) qeydə alınıb.
7 BOKT-un isə son 1 ildə balans kapitalı azalıb. Ən çox azalma İDK-da (36,4%), ən az azalma isə “Kredit Servis”də (0,5%) qeydə alınıb.
İl ərzində “Para”nın balans kapitalındakı çatışmazlıq 6,7% artıb, “SF Azerbaijan”ın isə balans kapitalı mənfidən müsbətə keçdiyi üçün onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.