Qarabağ Universitetində tibb sahəsində beynəlxalq konfrans keçirilib

Qarabağ Universitetində tibb sahəsində beynəlxalq konfrans keçirilib

  • 13 aprel 2025, 14:37
Xankəndi

Qarabağ Universitetində tibb sahəsində beynəlxalq konfrans keçirilib.

Elm və Təhsil Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfransda tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak ediblər.

Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransa açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildiriblər. Çıxışçılar diqqətə çatdırıb ki, Qarabağ Universitetinin Klinikasında tibb sahəsində təhsilin həyata keçirilməsi, tədqiqatların aparılması və bölgədə tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

İki gün davam edən konfransın panel müzakirələrində tədris proqramının inkişafı ilə bağlı zəruri məqamlar, həmçinin tibb və tibb bacılığı üzrə kurikulum inkişafı üçün təhsil strategiyasının əsasları mövzularında fikir mübadiləsi aparılıb.