Prokurorluq və Qarabağ Universiteti arasında mühüm sənəd imzalanıb

Prokurorluq və Qarabağ Universiteti arasında mühüm sənəd imzalanıb

  • 14 aprel 2025, 12:44
Xankəndi

Qarabağ Universitetində "Heydər Əliyev və Suveren Azərbaycan" mövzusunda keçirilən konfransdan sonra Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Sənədi baş prokurorun müavini Heydər Məmmədov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.

Bildirilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.

Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək ECOLEAD layihəsi, Azərbaycanın təhsil və hüquq sahəsindəki inkişafını dəstəkləyən, elmi araşdırmalar və bilik mübadiləsini təşviq edən mühüm bir addım olaraq qiymətləndirilir.

Universitetin bu layihəyə qoşulması Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə ilə birgə fəaliyyətlərini genişləndirməsinə imkan verəcək.

Xatırladaq ki, indiyə kimi bu layihəyə Qarabağ Universiteti ilə yanaşı, Bakı Dövlət və Naxçıvan Dövlət universitetləri qoşulub.