SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Hər il vakansiya sayının azlığı problem yaradır, bəlkə MİQ-ə fasilə verilsin?!”

“Hər il vakansiya sayının azlığı problem yaradır, bəlkə MİQ-ə fasilə verilsin?!”

“Çox təəssüf ki, Müəllimlərin İşə Qəbul prosesinin vakansiya mərhələsində çox ciddi problemlər yaşanır. Demək olar ki, 10 ildir ki, vakansiya mərhələsində müəllimlərin saysız-hesabsız narazılığına şahid oluruq. Az sayda vakant yer müsabiqəyə təqdim olunur. Yüksək yox, hətta ən yüksək bal toplayan müəllim belə kənarda qalır”.

Bunu Yurd.Media-ya açıqlamasında təhsil eksperti Elmin Nuri qeyd edib. O, MİQ müsabiqəsinin yalnız rekord nəticə göstərən müəllimlər üçün olduğunu bildirib:

“Sosial şəbəkədə 90-dan artıq bal toplamış müəllimənin etirazları çox saydadır. O zaman vakansiya mərhələsi nə üçündür? MİQ nə üçündür? Əgər biz hər il normal sayda vakansiya elan edə bilmiriksə, bəlkə elə MİQ-də fasilə elan edək?! Hər il yalnız maksimum bal toplayan müəllim işlə təmin olunacaqsa, digərlərinin niyə həvəslərini qursağında qoyuruq”.

Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Şəbnəm Uğurlu isə bildirib ki, MİQ-dən başqa yolla məktəbə müəllimin işə qəbulu mümkün deyil:

"Bu səbəbdən rayon təhsil şöbələrinin rəhbərləri vakansiyanı gizlədə bilməzlər, çünki müəllim MİQ-dən keçərək məktəbə təyinat alır”.

O, vakansiya sayının az olmasını belə əsaslandırıb:

“Müəllimlər etiraz edirlər ki, həmkarım sertifikasiyadan kəsilibsə onun yerinə vakansiya elan olunmalıdır. Amma bu elə tənzimlənir ki, həmin az bal toplayaraq uğursuz nəticə göstərən müəllimin dərs saatları məktəbdə az dərs saatı olan digər həmkarına verilir. Bu da az məvacib alan müəllimin sosial rifahını yaxşılaşdırmaq üçün atılan addımdır. Həmçinin ötən illərdə gənc müəllimlərin bölgədə işləməyə marağı daha çox idi. İndi isə həmin tendensiya azalıb”.

Həmçinin mövzu ilə bağlı bölgədə çalışan Azərbaycan dili-ədəbiyyat müəllimi Səltənət Qurbanova da fikirlərini bölüşüb:

“Bu il MİQ-də vakansiyalarla bağlı problem var. Çünki, ötən illərlə müqayisədə vakansiya az sayda elan olunub. Müəllimlər düşünürlər ki, sertifikasiyadan kəsilənlərin yerinə vakansiya elan olunmalıydı, lakin bunun olmadığına görə, etiraz edirlər. Belə halın hansı səbəbdən baş vermədiyini konkret deyə bilmərəm”.

O, müəllimlərin MİQ prosesinə çox ciddi hazırlaşmasını xüsusilə qeyd edib:

“Müəllimlərin haqlı olduğunu düşünürəm, çünki çox əziyyət çəkərək, hətta qucağında körpəsi ilə hazırlaşanlar belə var. MİQ çox şəffaf proses olduğu üçün müəllimlər gərgin hazırlaşırlar ki, nəticələri yüksək olsun, lakin vakansiya elan edilməyəndə əziyyətləri hədər olur”.

Prime Leasing