SÜJET

Süni intellekt Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Xanlar Vəliyev təqaüdə göndərildi

Xanlar Vəliyev təqaüdə göndərildi

Azərbaycan baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.

"Yurd.media" xəbər verir ki, bu səbəblə baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi peşəkarlığı, Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.

Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni baş prokuror tərəfindən təqdim olunub.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə çalışıb.

Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb.

O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.